AR ETN Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə İnstitutun rəhbərliyi, Elmi şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak edib.
Elmi Şura öz işinə başlamazdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi şuranın sədri, Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva iclası giriş sözü ilə açaraq 20 sentyabr Dövlət Suverenlik Günü münasibətilə kollektivi səmimi qəlbdən təbrik edib. Professor 20 sentyabrın Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi gün kimi qeyd edilməsini tarixi zərurətdən doğan qərar olduğunu vurğulayıb.
Sonra Elmi Şura öz işinə başlayıb. İnstitutun elmi katibi, b.ü.f.d. Nigar Mürsəl qızı gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Botanika İnstitutunun elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturasına 2023-2024-cü tədris ili üçün qəbulun nəticələri haqqında məlumat verilib, sənədi təqdim edilmiş iddiaçıların mövzuları müzakirə olunub.
İclasda Qarabağ florasına həsr edilmiş “Qarabağın flora və bitkiliyi” adlı kitabın tərtib olunmasına dair son hazırlıq işlərinin müzakirəsi aparılıb.
İbadullayeva Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin elmi işçisi Bikə Quliyevanı 70-illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, möhkəm can sağlığı arzu edib.
Sonda gündəlikdə olan digər məsələlər şura üzvləri ilə müzakirə edilib və yekdil qərarlar qəbul olunub