Arxiv
Bu gün görkəmli botanik-alim Validə Tutayuqun doğum günüdür
23.09.2024

Tutayuq Validə Xasbulat qızı 23 sentyabr 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik fakültəsini bitirmiş (1934), 1939-cu ildə K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında (Moskva ş.) “Çoxləçəkli şəbbü çiçəyinin təbiəti” mövzusunda biologiya elmləri üzrə namizədlik, 1949-cu ildə SSRİ EA V.L.Komarov adına Botanika İnstitutunda “Çoxləçəkli örtülütoxumluların embriologiyası” mövzusunda biologiya elmləri üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur. Azərbaycan SSR EA-nın müxbir üzvü (1958) və həqiqi üzvü (1968) seçilmişdir.

V.Tutayuq AKTİ-nin Botanika kafedrasının müdiri (1939-1957), elmi işlər üzrə direktor müavini (1954-1957), Azərbaycan SSR EA Botanika İnstitutunun direktoru (1957-1962) vəzifələrində çalışmış, AKTİ-nin Botanika və seleksiya kafedrasının müdiri (1962-1980) olmuşdur. Alimin Botanika İnstitutuna rəhbərlik etdiyi dövrdə “Azərbaycan florası”nın 7-ci və 8-cı cildləri çap edilmişdir. O, digər alimlərlə birlikdə “Azərbaycanın ağac və kolları” ikicildliyini çap etdirmiş, “Qafqazın dendrologiyası” çoxcildliyinin 5-ci və 6-cı cildlərini yazan müəlliflərdən biri olmuşdur. V.Tutayuq öz tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoymuşdur. Alimin müxtəlif örtülütoxumlularda çiçəyin normal və qeyri-normal quruluşunu öyrənmək sahəsində tədqiqatlarının nəticəsi olan “Çoxləçəkli çiçəklərin quruluşu” monoqrafiyası (1960) çiçəyin mənşəyi ilə bağlı bir sıra prinsipal nəzəri məsələlərin aydınlaşdırılmasında mühüm rol oynamışdır. Bu tədqiqatların təcrübi əhəmiyyəti də vardır. Çoxləçəkliliyin əmələ gəlməsi qanunauyğunluqlarını bilmək seleksiya və bəzən bağçılıqda yeni çoxləçəkli çiçək formalarının alınmasına imkan verir. Bu sahədə aparılan tədqiqatların nəzəri təhlili “Örtülütoxumluların mənşəyinə dair” (1965) və “Çiçəyin teratologiyası” (1969) monoqrafiyalarında öz əksini tapmışdır. Onun “Bitki anatomiyası və morfologiyası” (1958 və 1967, Bakı; 1972 və 1980, Moskva; 1980, Tbilisi), “Bitki anatomiyası və fiziologiyası” (1960) dərs vəsaitlərindən indi də ali məktəblərdə istifadə edilir.

V.Tutayuq dendrologiya sahəsində apardığı tədqiqatlarla Talışın Üçüncü dövrə aid qədim relikt ağaclarının Dördüncü dövrün şəraitinə uyğunlaşması yollarını morfolojianatomik, karioloji tədqiqatları ilə elmi şəkildə sübut etmişdir. Eyni zamanda bu ağacların quru-subtropik Abşeron şəraitində də yaxşı inkişaf edəcəyini göstərmişdir. V. Tutayuqun rəhbərliyi ilə respublikanın otlaqları geobotaniki baxımdan öyrənilmiş, geobotaniki xəritələr, aqrokimyəvi kartoqramlar tərtib edilmişdir.

V.Tutayuq 230-dan çox elmi əsərin, o cümlədən 6 monoqrafiyanın və 4 dərsliyin müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 20-dən çox elmlər namizədi və 3 elmlər doktoru hazırlanmışdır.

V.Tutayuq dəfələrlə Gəncə və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin deputatı, Azərbaycan SSR KP MK-nın üzvü seçilmişdir. O, “Şərəf Nişanı” ordeni (1943), “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyə görə” medalı (1945), SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə “B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə” yubiley medalı (1955), Azərbaycan SSR Nazirlər Kabinetinin Fəxri Fərmanı ilə (1960) təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına (1974) layiq görülmüşdür.

Akademik Validə Tutayuq 12 noyabr 1980-ci ildə Bakı şəhərində vəfat etmişdir.