Arxiv
Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva COP 29-a dəstək məqsədilə keçirilən “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” adlı Respublika elmi-praktik konfransda çıxış edib
25.09.2024

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda COP 29-a dəstək məqsədilə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi”  mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Universitet rektorları Yusif Yusibov, Zəfər Qurbanov, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərman Kərimov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov,  Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov konfransı giriş sözü ilə açaraq qonaqları salamlayıb, dövlətimizin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçiriləcəyini qeyd edərək, belə bir mötəbər tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də respublikamızda bu sahədə aparılan mühüm xidmətlərlə bağlı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, COP29 dünyada ətraf mühitin qorunmasına böyük töhfə verən tədbir olacaq. Daha sonra konfransda bu məsələlərlə bağlı geniş müzakirələrin aparılacağını və alimlərin elmi məruzələrlə çıxışının önəmini qeyd edib.

Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakıda COP-29 kimi əhəmiyyətli tədbirin keçirilməsi istiqamətində görülən işlərdən bəhs edərək, dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin ölkəmizə səfəri gözlənildiyini vurğulayıb. Bildirib ki, tədbirin mövzusu ekoloji məsələlərlə bağlı olsa da, iqtisadi və siyasi əhəmiyyətləri də danılmazdır. Siyasi tərəfdən yanaşsaq böyük beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğunun göstəricisidir. Bugünkü konfransda məhz COP 29-a dəstək bildirərək, konfransın gedişatına uğurlar arzulayıb.

Respublika elmi-praktik  konfrans öz işini 24 sentyabr tarixi üçün nəzərdə tutulan 9 bölmə iclası ilə davam etdirib.