Sentyabrın 27-də AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasının iclası keçirilib. Dissertasiya Şurasının sədri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçirilən iclasda İnstitutun dissertantı Şəhla Nizam qızı Mirzəyevanın 2417.01 – “Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Abşeron yarımadasının florasının müasir vəziyyəti və dinamikası" mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, dosent. M.V.l.omonosov adına MDU-nin professoru Aleksandr Sergeyeviç Zernov, rəsmi opponentləri biologiya elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Maqsud Qurbanov biologiya elmlər doktoru, professor Elman İsgəndər biologiya üzrə fəlsəfə doktoru Aytəkin Axundovadır.
Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işdə olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.
İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib.
Şəhla Mirzəyeva tədqiqatın elmi yeniliyi kimi göstərib ki, ilk dəfə olaraq Abşeron yarımadasının florasının taksonlarının tam siyahısı, onun hərtərəfli təhlili verilmiş və bu məlumatlar əsasında «Конспект флоры Апшерона» tərtib edilmişdir. İlk dəfə olaraq Abşeronda Qafqaz florası üçün 3 yeni növ (Glebionis coronaria (L.) Cass. ex Spach., Solanum elaeagnifolium Cav. və Allium neapolitanum Cirillo.), Cənubi Qafqaz florası üçün 3 yeni növ - (Lepidium didymum L., Fumaria capreolata L. və Lemna gibba L.), o cümlədən Azərbaycan florası üçün 4 yeni növ - (Rumex marschallianus Rchb., Cuscuta campestris Yunck., Ruta graviolens L. və Mentha spicata L.), Carex divulsa Stokes., Geranium albanum M. Bieb., Zannichellia pedinculata Rchb., Cannabis sativa L., Sedum pallidum M.Bieb., Orchis simia Lam., Rosa canina L., Sagina procumbens L. və s. kimi 45 növ üçün Abşeronda yeni yayılma yerləri, bir sıra nadir və endemik növlər üçün yeni yaşayış yerləri müəyyən edilmişdir. Nəzərdə tutulan təbiət qoruqları şəbəkəsində bitki örtüyünün mühafizəsinin təşkili üçün konkret tövsiyələr verilmişdir.
İddiaçı dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırıb. Dissertasiyanın nəticələri üzrə 1 monoqrafiya 11 məqalə və 6 tezis olmaqla, 18 əsərin çap edildiyini bildirib.
Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.
Gizli səsvermənin nəticələrinə əsasən, Şəhla Mirzəyeva biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.