AR ETN Botanika İnstitutunda fəaliyyət göstərən şöbə və laboratoriyaların 2024-cü ildə elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat iclasları başa çatıb.
Elmi Şuranın sədri, İnstitutun baş direktoru, professor Səyyarə İbadullayevanın sədrliyi ilə keçən iclaslarda İnstitutun şura üzvləri, şöbə və laboratoriya müdirləri və əməkdaşları iştirak ediblər.
Professor S.İbadullayeva şöbə və laboratoriyaların işinin daha səmərəli təşkili və elmi fəaliyyətin gücləndirilməsi baxımından hesabat iclaslarının keçirilməsinin xüsusi önəmini qeyd edib.
Qeyd olunub ki, hesabat ilində Botanika İnstitutun mövzu planına uyğun 2 problem çərçivəsində 9 mövzunu əhatə edən 15 işin 60 mərhələsi üzrə elmi tədqiqat işləri yerinə yetirilib, mövzulara aid 108 məqalə və konfrans materialı, 4 kitab, 1 kitab fəsli nəşr olunub.
Şöbə və laboratoriya müdirləri hesabat məruzələri ilə çıxış edərək cari ildə yerinə yetirilən işlər, elmi nəticələr, çap olunan elmi əsərlər, konfrans və seminarlarda iştirak, xarici səfərlər, ekspedisiyalar, ezamiyyətlər, elmi kadrların hazırlanması və s. haqqında geniş məlumat veriblər. Sonra struktur bölmələrdə çalışan əməkdaşların ayrı-ayrılıqda plana uyğun icraçısı olduğu iş, mərhələ və ya bölmələr üzrə hesabatları dinlənilib. Ümumilikdə Botanika İnstitutunun 2024-cü il üçün 10 mühüm nəticəsi səsləndirilib.
Elmi şura üzvləri hesabatları məqbul hesab edib və növbəti ildə mühüm elmi nəticələrin dünyanın nüfuzlu nəşrlərində çap edilməsinin vacibliyini vurğulayıblar. Professor S.İbadullayeva görülməsi nəzərdə tutulan elmi işlər haqqında, xüsusilə Qarabağda aparılacaq monitorinq və bərpa üçün layihələrin hazırlanması üzrə müəyyən tapşırıq və tövsiyələrini verib.