Arxiv
COP29 çərçivəsində Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin həyata keçirdiyi layihənin təqdimatı olub
22.11.2024

COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda  Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin (ABCİB) həyata keçirdiyi “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” mövzusunda  layihənin təqdimatı olub.

Tədbirdə QHT nümayəndələri, ABCİB üzvləri, Botanika İnstitutunun əməkdaşları və  rusiyalı alimlər iştirak ediblər. Tədbiri ABCİB sədri, Botanika İnstitunun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq  qonaqları, iştirakçıları salamlayıb və ölkəmizdə keçirilən COP29 tədbirinin əhəmiyyətini vurğulayıb.

Panel müzakirəsi ilə davam edən tədbirdə Botanika İnstitutunun və Çelyabinsk Dövlət Universitetinin alimləri tərəfindən həyata keçirilən "Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması" adlı layihəsinə dair tədqiqatlar haqqında ətraflı məlumat verilib.

Təqdimatlarda qeyd olunub ki, layihə çərçivəsində Xəzər dənizində (Azərbaycan hüdudlarında) yayılmış yosun növünün tədqiqi və laborator tədqiqatlarının fasiləsizliyinin təmin olunması üçün yosun kolleksiyasının yaradılması və sənaye-məişət obyektlərində, açıq ərazilərdə becərilməsi üçün karbon qazının konsentrasiyasını azaltmaq və akvakultura sahəsində yosunlardan alınan məhsulların istifadəsi texnologiyasının öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Azərbaycanın regionları üzrə istixana qazlarının emissiyalarının kompensasiya edilməsi, şirin və dəniz sularının təmizlənməsində yosunlardan istifadə edilməsi planlaşdırılır.

Tədbir çərçivəsində pavilyonda təşkil olunmuş sərgidə sözügedən layihənin işinə uyğun yosunlar, həmçinin, Botanika Muzeyinə aid eksponatlar, kitablar və broşurlar  nümayiş olundu.

Qeyd edək ki, təqdim edilən layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi  çərçivəsində icra olunur.