Özbəkistan və Qırğızıstandan olan bir qrup alim heyəti əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə AR ETN Botanika İnstitutunda qonaq olublar.
İnstitutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim-mütəxəssis heyətinin iştirakı ilə keçən görüşdə qonaqlara İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri və əldə olunan nailiyyətləri haqqında ətraflı məlumat verilib. Qonaqlar Botanika muzeyi, Herbari fondu və laboratoriyalarla tanış olublar.
Herbari fondunda saxlanılan yerli və xarici floraya aid zəngin herbari nümunələri, onların saxlanılma şəraiti və elektronlaşdırılması işi xarici mütəxəssislərin marağını cəlb edib. Alimlər burada qarşılıqlı kadr və təcrübə mübadiləsi, herbari materiallarının mübadiləsi, müştərək layihələr və ekspedisiyaların təşkilinə dair geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıblar.