26 dekabr 2024-cü il tarixində AR ETN Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.26 Dissertasiya Şurasının iclası keçirilib. Dissertasiya Şurasının iclası professor Səyyarə İbadullayevanın sədrliyi ilə baş tutub. Botanika İnstitutunun əyani doktorantı Şəbnəm Qədir qızı İsayeva "Şamaxı-Qobustan rayonunun palçıq vulkanlarının florası, bitkiliyi və bəzi növlərin palinologiyası" mövzusunda 2417.01 – Botanika ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini müdafiə edib. Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Şakir Qasımov, rəsmi opponentləri biologiya elmlər doktorları, professor, Aydın Əsgərov, professor Sevda Əhmədova və dosent Ənvər İbrahimovdur. Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işdə olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib. İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib.
Şəbnəm İsayeva tədqiqatın elmi yeniliyi kimi göstərib ki, İlk dəfə Azərbaycanın Pirəkəşkül, Daşgil, Torağay, Kiçik Mərəzə və Qızmeydan palçıq vulkanlarının florasının konspekti tərtib edilib ki, bu da 39 fəsilə və 118 cinsə aid olan 134 taksonu əhatə edir. Öyrənilən 5 palçıq vulkanında Azərbaycan florası üçün 4 nadir (Tulipa biflora Pall., Pyrus salicifolia Pall., Ophrys oestrifera M. Bieb., Rosa pulverulenta M. Bieb.) və 1 endemik növü (Rosa pulverulenta) aşkar edilmişdir. Palçıq vulkanları ərazilərində bitkilik vahidlərinin formalaşmasının suksessiya sıraları müəyyən edilmişdir, nəticədə 24 bitkilik vahidi aşkar olunmuşdur: Pirəkəşkül və Kiçik Mərəzə - hər birində 3 assosiasiya, Torağayda - 2 assosiasiya, Daşgil və Qızmeydanın hər birində isə 1 assosiasiya. Palçıq vulkanının florasının bəzi növlərinin palinomorfoloji tədqiqi zamanı müəyyən edilmişdir ki, öyrənilən növlərin tozcuqları 5 palinotipə aiddir: 3-şırımlı (Brassicaceae Burnett, Convolvulaceae Juss., Fabaceae Juss. (Hedysarum sericeum Kitam.), Lamiaceae Martinov, Linaceae DC. ex Perleb), 3-şırımlı-buynuzlu (Asteraceae Giseke, Cistaceae Juss., Hypericaceae Juss., Euphorbiaceae Juss., Fabaceae, Rosaceae Juss.), çoxşırımlı-buynuzlu (Polygalaceae Hoffmanns. & Link), 6-heteroşırımlı (Boraginaceae Juss.), və çox məsaməli (Ranunculaceae Juss.). Tədqiq edilən vulkanlarda aşkar edilmiş nadir növlər və onların vəziyyətinin qiymətləndirilməsindən Azərbaycan Respublikasının Qırmızı Kitabının yeni 3-cü nəşrinin yazılmasında istifadə edilmişdir. İddiaçının dissertasiya işi üzrə 6 məqalə, 12 tezis olmaqla 18 elmi əsəri nəşr olunmuşdur.
Sonda dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib. Gizli səsvermənin nəticələrinə əsasən, Şəbnəm İsayeva biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.