Arxiv
Botanika İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
03.02.2025

Bu gün AR ETN Botanika İnstitutunda 2 Fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq, 2 Fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Alim qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək, uğurla icra edilir.

S.İbadullayeva vurğulayıb ki, savadlı gənclərimiz Azərbaycan həqiqətlərinin, torpaqlarımızın azad edilməsi və suverenliyimizin bərpası ilə bağlı mövqeyimizin dünyaya çatdırılmasında da əhəmiyyətli rol oynayırlar. Qeyd edib ki, İnstitut gənclərin elmə cəlb olunmasına və onların beynəlxalq konfranslarda, elmi ezamiyyət və ekspedisiyalarda iştirakına, həmçinin, elmi jurnallarda məqalələrinin çap olunması kimi məsələlərin həllinə daim dəstək verib.

GAMŞ-ın sədri, biologiya üzrə fəlsəfə doktoru Aydan Hüsüyeva çıxış edərək gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, şura üzvləri adından İnstitut rəhbərliyinə təşəkkürünü bildirib, gəncləri təbrik edərək yeni elmi nailiyyətlər arzulayıb. Daha sonra Gənclər Günü münasibətilə Botanika İnstitutunun elmi və ictimai həyatında fəal iştirakına görə seçilən bir qrup gənc diplom və sertifikatla təltif olunub.