Arxiv
“Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” işıq üzü görüb
10.02.2025

AR ETN Botanika İnstitutunda “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” çapdan çıxıb.

Nəşrin elmi redaktoru Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, rəyçiləri professor Aydın Əskərov və dosent Vüqar Kərimovdur. Tərtibatçıları professor Səyyarə İbadullayeva, biologiya elmləri doktoru Fatmaxanım Nəbiyeva, biologiya üzrə fəlsəfə doktorları Nuri Mövsümova və Nigar Mürsəl qızıdır. Fotoşəkillər dosent Elman Yusifov və Fatmaxanım Nəbiyevaya, xəritələrin tərtibatı isə Nərmin Sadıqovaya aiddir.

Kitabda Qarabağda yayılan nadir və itmə təhlükəsində olan 41 fəsiləyə aid 87 növ haqqında məlumat və şəkil əks olunmuşdur. Qarabağ icmalarının Böyük Qayıdışına töhfə olaraq hazırlanan kitab yerli icmalara yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq və onları qorumaq məqsədi ilə nəşr olunub.  

Qeyd edək ki, kitab  "Qarabağ florasında yabanı bioloji resursların taksonomik tərkibi və variativliyinin saxlanması üçün etnobioloji informasiyaların icmalara çatdırılması” mövzusunda elmi-tədqiqat proqramına əsasən tərtib olunub.

Botanika İnstitutunun əməkdaşlarının Qarabağ ərazilərinə ekspedisiyaları zamanı kitab yerli icmalara paylanılır.