AR ETN Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda seminar keçirilib.
Tədbiri Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq Ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundan, o cümlədən müstəqil ölkəmizdə təbiətin mühafizəsi və yaşıllığın artırılması üzrə misilsiz xidmətlərindən danışıb. Professor qeyd edib ki, Ulu öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə xüsusi diqqət mərkəzində dayanmışdır. Onun rəhbərliyi ilə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar qəbul edilmiş, bu sahədə çox böyük dəyişikliklər həyata keçirilmişdir. S.İbadullayeva Ulu öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin imzası ilə ölkədə həyata keçirilən təbiətin mühafizəsi proqramlarını xüsusi vurğulayıb.
Seminarda çıxış edən biologiya üzrə fəlsəfə doktoru Nigar Mürsəl qızı, biologiya elmləri doktoru, professor Aydın Əsgərov, biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümova, biologiya elmləri doktoru Lətafət Mustafayeva və biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev öz məruzələrində Ulu Öndərin Azərbaycanın inkişafı naminə gördüyü böyük və əvəzedilməz işlərdən, ölkəmizin bu günü və gələcəyi üçün qoyduğu zəngin irsdən bəhs ediblər.
Seminarın sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi olub və kollektiv Fəxri xiyabana gedərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib.