Arxiv
AR ETN Botanika İnstitutu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir
14.05.2025

AR ETN Botanika İnstitutu Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan")  fəal iştirak edir. Sərginin əsas məqsədi  kənd təsərrüfatı sahəsində innovasiyaların təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yerli istehsalçıların dünya bazarına çıxış imkanlarının artırılmasıdır.

Sərgi çərçivəsində Botanika İnstitutu qida sənayesində əhəmiyyətli olan yabanı bitki nümunələri, bitkilərdən əldə olunmuş sənaye əhəmiyyətli məhsullar (boyaq maddələri, bioaktiv maddələr, efir yağları və s.), toxum nümunələri, “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitab (azərbaycan və ingilis dillərində), eyni zamanda xalq təbabətində və baytarlıqda, həmçinin arıların, ev quşlarının profilaktika və müalicəsində istifadə edilən 100-dən çox dərman bitkisi haqqında botanik alimlərin topladıqları məlumatların olduğu buklet və broşürlər təqdim edir.

Botanika İnstitutunun baş direktoru professor S.C.İbadullayeva 13 may tarixində keçirilən sərginin açılış mərasimində iştirak etmişdir.

Sərgi öz fəaliyyətini 16 may tarixinədək davam etdirəcəkdir.