AR ETN Botanika İnstitutu Geobotanika şöbəsinin əməkdaşları “Böyük Qafqazda (Azərbaycan hüdudlarında) meşə ekosistemlərinin bitki müxtəlifliyinin müasir vəziyyətinin öyrənilməsi və müqayisəli qiymətləndirilməsi” mövzu planı çərçivəsində Qax rayonunda ekspedisiyada olublar. Məqsəd rayonun dəniz səviyyəsindən 110-1100 m hündürlüklərdə yerləşən ərazilərdə (İlisu Dövlət Təbiət Qoruğu ərazisində Ağçay Ulukörpü Ağçay kəndi, Ləkit kəndi Mamırlı şəlaləsi, Əlibəyli, Almalı, Qum və Fıstıqlı kəndləri ətrafı) müxtəlif meşə massivlərinin tədqiqi olub.
Həmçinin, Alazan-Əyriçay vadisində Ağyazlı çölü, Narıca aşırımı, Sarıca çölü, Acınohur çölü, Axar-Baxar dağ silsiləsi ətrafındakı bitki örtüyü öyrənilib.
Tədqiqat zamanı qeyd olunan ərazilərdə pilot sahələr salınıb və orada bitki örtüyü təsvir edilib. Tədqiq olunan meşələrdə yayılan bitki növlərinin siyahısı tərtib edilib, onların fitosenotik xüsusiyyətləri öyrənilib, fenoloji müşahidələr aparılıb, geobotaniki təsvirləri verilib, herbari nümunələri götürülüb, nadir, endem və relikt bitkilər qeydə alınıb, onların foto şəkilləri çəkilib və GPS koordinatları götürülüb.
Tədqiqatlar nəticəsində Qax rayonunun meşə əmələ gəlməsində rol oynayan dominant bitkiləri sırasında vələs (Carpinus betulus), ağcaqayın (A. pseudoplatanus), göyrüş (Fraxinus excelsior), yalanqoz (Pterocarya pterocarpa), cökə (Tilia caucasica) növlərinin üstünlük təşkil etdiyi müəyyən edilib.
Ekspedisiyadan dönüş zamanı Ağsu aşırımı meşələrində də tədqiqatlar aparılıb və bir neçə nadir növ qeydə alınıb.