Arxiv
Qarabağın aran ərazilərində etnobotaniki tədqiqatlar aparılıb
05.06.2025

AR ETN Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu ərazisində ekspedisiya həyata keçirilib. Ekspedisiyanın əsas məqsədi Qarabağın aran ərazilərində məskunlaşmış yerli əhali arasında etnobotaniki sorğuların aparılması yolu ilə faydalı bitkilərin yeni istifadə imkanlarının aşkarlanması və onların iqtisadi dəyərinin müəyyən edilməsi üçün ehtiyatının qiymətləndirilməsi, xüsusi əhəmiyyəti оlаn resursların bioekoloji və fitosenoloji təhlilinin aparılması olub.

Ekspedisiya zamanı regionda yayılmış əsas bitkilik tipləri-bozqır və yarımsəhra, Tuqay meşəliyi, su-bataqlıq bitkilikləri fitosenoloji araşdırılıb. Nümunə meydançalarından dominant və edifikator növlərin foto şəkilləri çəkilib, ehtiyatın hesablanması üçün bitkilər çıxarılaraq yaş çəki hesabı ilə yerindəcə qeydlər aparılıb.

Etnobotaniki tədiqatlar üçün öncə ərazidə məskunlaşmış etnik qruplar arasında məlumatlar toplanılıb. Məlum olub ki, 1959-cu ildən bu ərazidə 35-dən çox etnik qruplar (türklər, kürdlər, avarlar, ləzgilər, ermənilər, ruslar, talışlar, gürcülər və s.) məskunlaşıb. Əhali arasında etnobotaniki sorğular aparılıb. Sorğularda iştirak edənlər əsasən ali təhsilli, 49-68 yaş arasında olan vətəndaşlar olub. Müsahibələr zamanı məlum olub ki, əhalinin əksər hissəsi dağlıq bölgələrdən gətirilən, xüsusilə də Göygöl, Gədəbəy və Daşkəsəndən toplanmış dərman bitkilərindən istifadə edirlər. Ərazidə bitən qanqal, biyan, zəncirotu, quşəppəyi, əməköməci, tərə, cincilim və s. bitkilərdən yerli əhali müxtəlif qidaların hazırlanmasında istifadə edir.