AR ETN Botanika İnstitutunun Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin əməkdaşları Lerik rayonunda ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi mövzu planına uyğun olaraq sözügedən ərazilərdə mövsümi bitki nümunələrinin toplanılması, fenoloji müşahidələrin aparılması və Herbari fondunun zənginləşdirilməsi üçün bitki nümunələrinin toplanılması olub.
Şöbə müdiri, professor Aydın Əsgərovun rəhbərliyi ilə əməkdaşlar Lerik rayonu və ətraf ərazilərində (Qosmalyan, Xəlifə, Rəzgov, Şonaçola, Hoveri, Nisli, Qələsər kəndləri) geniş monitorinqlər həyata keçiriblər.
Tədqiq olunan bəzi ərazilərdə Azərbaycan Respublikası Qırmızı kitabının III nəşrinə daxil olan 2 növ (Paronychia kurdica, Hemerocallis fulva) üzərində monitorinqlər aparılıb və onların populyasiyalarının normal inkişafı qeydə alınıb.
Ekspedisiya zamanı dəniz səviyyəsindən –2600 metr hündürlükdə, 1000 km uzunluğunda məsafə qət edilib, müxtəlif fəsilə və cinslərə aid olan bitki nümunələri toplanılıb.
İlkin təyinata əsasən rayon üzrə 20 fəsilə, 67 cins üzrə təyin olunmuş növlərə aid 150 bitki nümunələri toplanıb, herbariləşdirilib. Nümunələr təhlil edildikdən sonra Herbari fonduna təhvil veriləcək.