Arxiv
Mikoloqların həmmüəllif olduqları məqalə nüfuzlu jurnalda çap olunub
10.07.2025

AR ETN Botanika İnstitutunun əməkdaşları biologiya elmləri doktoru, professor Dilzarə Ağayeva, kiçik elmi işçi Aytac Əliməmmədova Hüsüyeva və Ukrayna Milli Elmlər Akademiyası M.G. Xolodnı adına Botanika İnstitutunun əməkdaşları biologiya elmləri doktoru, professor Nina Bisko, biologiya üzrə fəlsəfə doktoru Nadia Mitropolska, elmi işçi Nina Qurinoviçin həmmüəllif olduğu “Аntimicrobial activity in cultures of some xylotrophic basidiomycetes from Azerbaijan” (Azərbaycanda bəzi ksilotrof bazidiomisetlərin kulturalarında antimikrobiyal fəaliyyətlər) adlı məqalə nüfuzlu jurnalda çap olunub. Azərbaycanlı və ukraynalı mikoloqların birgə apardığı tədqiqatların nəticəsi olaraq ərsəyə gələn məqalə Scopus və Web of Science (MJL) bazalarına daxil olan “Ukrainian Botanical Journal” nəşrində dərc olunub. Məqalədə Laetiporus sulphureus, Phellinus igniarius və Pleurotus ostreatus növlərinə aid bir neçə ştammın Qram-müsbət və Qram-mənfi bakteriyalara (Bacillus subtilis, Staphylococcus aureus, Escherichia coli, Klebsiella pneumoniae Pseudomonas aeruginosa) qarşı antimikrob fəaliyyətləri öyrənilmişdir. Aparılmış tədqiqata görə L. sulphureus ştammının kultura mayesinin etil asetat ekstraktlarının təsiri altında tədqiq edilmiş bütün bakteriya növlərinin böyüməsinin təsir zonaları 7.5-12.0 mm arasında dəyişir. L. sulphureus, Phellinus igniariusPleurotus ostreatus növlərinin biokütlə və kultura mayesindən əldə edilən ekstraktlar, S. aureusBacillus subtiles bakteriyalarının böyüməsinə maneə törədir ki, bu da onların Qram-müsbət B. subtilis bakteriyasına qarşı antimikrob agent kimi istifadə potensialını göstərir.