Arxiv
Botanika İnstitutunun əməkdaşları Gəncə şəhərində ekspedisiyada olublar
14.07.2025

AR ETN Botanika İnstitutunun Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin əməkdaşları Gəncə şəhərində ekspedisiyada olublar. Ekspedisiyanın məqsədi mövzu planına uyğun olaraq sözügedən ərazilərdə mövsümi bitki nümunələrinin toplanılması, fenoloji müşahidələrin aparılması və Herbari fondunun zənginləşdirilməsi olub.

Şöbənin müdiri, professor Aydın Əsgərovun rəhbərliyi ilə əməkdaşlar Gəncə, Göygöl, Daşkəsən rayonları və ətraf kəndlərində, xüsusilə yüksək dağlıq ərazilərində (Göygöl rayonu,  Zod kəndi, Toğana kəndi, Çaykənd yolu, Nəsimi bulağının ətrafı, Göygöl Milli Parkının girişi, Maralgöl ətrafı, Bayan kəndi, Xoşbulağa gedən magistral yolun sol tərəfi, Daşkəsən rayonu, Qoşqar çayının sağ və sol sahili) geniş monitorinqlər həyata keçiriblər.

Ekspedisiya zamanı dəniz səviyyəsindən 2000 metr hündürlükdə, 1000 km uzunluğunda məsafə qət edilib, müxtəlif  fəsilə və cinslərə aid olan bitki nümunələri toplanılıb.

İlkin təyinata əsasən rayon üzrə 20 fəsiləyə, 77 cins üzrə təyin olunmuş növə aid 130 bitki nümunəsi toplanılıb və müvafiq metodlara uyğun olaraq herbariləşdirilib.