İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) və AR ETN Botanika İnstitutunun birgə təşkilatçılığı ilə 30 avqust-07 sentyabr 2025-ci il tarixlərində Pakistanın İslamabad şəhərində “COMSTECH–Azərbaycan bitki mənşəli dərman və kosmetik məhsullar üzrə Botanika Seminarı” (COMSTECH–Azerbaijan Botanical Workshop Nature-Based Medicinal and Cosmetic Products) keçirilir.
Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın rəhbərliyi ilə bir qrup əməkdaş, biologiya elmləri doktoru, professor Dilzarə Ağayeva, biologiya üzrə fəlsəfə doktorları Nigar Mürsəl qızı, Hilal İmanlı, Emil Şükürlü, elmi işçi Ülkər Mahmudova və doktorant Leyla Əhmədova sözügedən beynəlxalq seminarla bağlı Pakistanda səfərdədir.
Tədbirdə Pakistan və Azərbaycandan olan görkəmli alimlər, tədqiqatçılar və gənc mütəxəssislər bilik mübadiləsi aparmaq, birgə tədqiqat imkanlarını araşdırmaq və bitki əsaslı dərman və təbii məhsul elmləri sahəsində potensialın artırılması üçün bir araya gəliblər.
COMSTECH-in Baş Koordinatoru Məhəmməd İqbal Çoudhari seminarın İƏT çərçivəsində Pakistan və Azərbaycan arasında tədqiqat əməkdaşlığını gücləndirəcəyini və tarixi əlaqələri genişləndirəcəyini vurğulayıb.
Açılış sessiyasında çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ölkələr arasında əlaqələrin həm ikitərəfli, həm də İƏT çərçivəsində yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Səfir Azərbaycanın qədim təbii təbabət tarixinə toxunub.
Açılış sessiyasında ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva xüsusi hazırlanmış təqdimatla və “Azərbaycanın dərman bitkiləri: xalq təbabəti və etnofarmobotanika” haqqında mühazirə ilə çıxış edib.
Tədbirin açılış mərasimi interaktiv sual-cavab sessiyası, professor İbadullayevanın yekun nitqi və sertifikatların paylanması ilə yekunlaşıb.
Tədbir Pakistan və Azərbaycanın təbii məhsul elmləri, bioiqtisadiyyat və İƏT miqyasında elmi əməkdaşlığın inkişafında birgə işləməyə sadiqliyini bir daha təsdiqləyib.