Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 (WUF13) ilə əlaqədar məlumatlandırıcı tədbir keçirilib.
İclasda İnstitutun direktoru, professor Səyyarə İbadullayeva Bakı şəhərində keçiriləcək beynəlxalq tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun bariz göstəricisidir. Ümumdünya Şəhərsalma Forumu Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı (UN Habitat) tərəfindən 2001-ci ildən təşkil olunur. Sürətli urbanizasiya, şəhərlərin dayanıqlı inkişafı, ekoloji balansın qorunması və iqlim risklərinə qarşı davamlı infrastrukturun qurulması artıq qlobal prioritetlər sırasındadır. Forum çərçivəsində keçirilən sessiyalarda urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçı şəhərlərin necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək imkanı əldə edir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramının ərsəyə gətirdiyi dayanıqlı şəhər inkişafı mövzusuna həsr edilmiş dünyanın ən böyük beynəlxalq platformalarından biridir. Forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda Bakıda keçiriləcək 13-cü sessiyası hökumət, akademiya, biznes və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək şəhərlərin gələcəyinə dair qlobal dialoqa ev sahibliyi edəcək.