AR ETN Botanika İnstitutu Geobotanika laboratoriyasının əməkdaşları tərəfindən Şirvan düzənliyinə aid olan Şirvan ərazisi, Hacıqabul rayonu, o cümlədən Kürdəmir rayonunun bir hissəsi, Salyan, Qaradağ rayonlarının dənizkənarı sahələrində çöl-tədqiqat işləri aparılıb. Ekspedisiyanın məqsədi tematik plana uyğun olaraq Şirvan düzənliyinin bitki örtüyünün inventarizasiyası olub. Göstərilən ərazilərdə geobotaniki təsvirlərin aparılması nəticəsində 5 bitkilik tipi - səhra, yarımsəhra, su-bataqlıq, kol, çala-çəmən qeydə alınıb. Kürdəmir, Salyan rayonlarında şoran yarımkol, kolcuq və birillik şoran səhraları, su-bataqlıq bitkiliyi zonal, yarımsəhra, çala-çəmən və kol bitkilikləri isə introzonal kimi qiymətləndirilib. Şirvan ərazisində yovşanlı yarımsəhraların zonal, Hacıqabul rayonunda isə yovşanlı yarımsəhralar və şoran kol, kolcuq, yarımkol, yarımsəhra və səhraların üstünlük təşkil etdiyi müəyyən olunub. Zostera hidrofit növünün quru qalıqlarının dənizdən 150-200 m məsafədə qeydə alınması dəniz suyunun geri çəkilməsini təsdiqləyir.