AR ETN Botanika İnstitutunun əməkdaşlarının Qarabağın zəngin florasını əks etdirən növbəti elmi araşdırması nüfuzlu “Pakistan Journal of Botany” jurnalında işıq üzü görüb. Tədqiqatlar çərçivəsində Qarabağda yayılan cilkimilər (Cyperaceae Juss.) fəsiləsinə aid cins və növlərin müasir vəziyyəti kompleks şəkildə öyrənilib. Geobotaniki və floristik metodlar əsasında aparılan araşdırmalar nəticəsində Qarabağın aran ərazisindəki su-bataqlıq bitkiliyində bu fəsiləyə məxsus 12 cins və 31 növün yayıldığı müəyyən edilib. Alimlər ərazinin ekoloji mənzərəsini dəqiqləşdirərək 4 formasiya sinfi, 4 formasiya və 8 assosasiyanı səciyyələndiriblər. Xüsusi marşrutlar üzrə təşkil edilən ekspedisiyalarda toplanan GPS koordinatları əsasında "ArcGIS Pro 3.3" proqram təminatı vasitəsilə növlərin areallarını və hərəkət marşrutlarını əks etdirən rəqəmsal xəritələr (CİS xəritələri) hazırlanıb. Müəyyən olunub ki, bölgənin aran əraziləri üçün səciyyəvi olan cillər (Carex sp.) bu ekosistemin əsas dominant növləri hesab olunur. Bu elmi nəticələr Qarabağın yabanı florasının biomüxtəlifliyinin qorunması və regionun botaniki potensialının dünya elmi ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.