Arxiv
“Azərbaycan florası”nın yeni çoxcildliyinin hazırlanmasına dair seminar keçirilib
29.04.2026

29 aprel 2026-cı il tarixində Botanika İnstitutunda “Azərbaycan florası”nın yeni çoxcildliyinin hazırlanmasına həsr olunmuş geniş seminar keçirilib.

Seminarın açılışında Botanika İnstitutunun direktoru biologiya elmləri doktoru, professor S.C.İbadullayeva “Azərbaycan florası” çoxcildliyinin yenidən işlənib hazırlanmasının elmi əhəmiyyətini vurğulayaraq, birinci cildin nəşri ilə bağlı hazırlıq mərhələsini müzakirəyə təqdim edib. Seminarda nəşrin struktur və yazılış prinsipləri, bitki növlərinin areallarının xəritələşdirilməsi, növlərin yayıldığı ərazilərlə bağlı ekoloji yanaşmalar, eləcə də botaniki-coğrafi rayonlaşdırma məsələləri ətraflı şəkildə müzakirə olunub.

Daha sonra  Ali bitkilərin sistematikası laboratoriyasının müdiri biologiya elmləri doktoru, professor Aydın Əskərov “Bitkilərin təyini üçün təyinedici açarların tərtib edilməsi” mövzusunda geniş məruzə ilə çıxış edib. Professor A.Əskərov təyinedici açarların “Azərbaycan florası” çoxcildliyinin hazırlanması prosesində mühüm metodoloji komponent olduğunu xüsusi olaraq qeyd edib.

Seminarda Botanika İnstitutunun elmi kollektivi, təcrübəli alimlər və gənc tədqiqatçılar iştirak edib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.