AR ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının kiçik elmi işçisi Aygün Bağırova–Əlazova İsveçrədə yerləşən Meşə, Qar və Landşaft üzrə Federal Tədqiqatlar İnstitutunda ezamiyyətdə olub.
Ezamiyyət “Azərbaycanda ağaclarla assosiasiyada olan patogen göbələklər və oomisetlər: müxtəliflik, yayılma, yerli təsir və Avropa ağac növləri üçün potensial təhlükə” adlı beynəlxalq layihə çərçivəsində həyata keçirilib.
Səfərin əsas məqsədi müasir laboratoriya metodları ilə tanış olmaq, molekulyar analiz proseslərində iştirak etmək və gələcək elmi tədqiqatlar üçün təcrübə qazanmaqdan ibarət olub. Eyni zamanda, ezamiyyət müddətində laboratoriya şəraitində göbələklərin molekulyar tədqiqi üsulları öyrənilib, bu sahədə praktiki bilik və bacarıqlar əldə edilib.