Arxiv
“Şəhər yaşıllıqlarında landşaft memarlığı üslubu” mövzusunda konfrans keçirilib
16.05.2026

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar AR ETN Botanika İnstitutu və “Sea Breeze Resort”un birgə təşkilatçılığı ilə “Şəhər yaşıllıqlarında landşaft memarlığı üslubu” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “Sea Breeze Resort”un yaranma tarixindən bəhs edən videoçarxın nümayişi ilə davam edib.

Tədbirin açılış mərasimində Botanika İnstitutunun direktor müavini, direktor vəzifəsini icra edən, Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin sədri, professor Səyyarə İbadullayeva, “Sea Breeze Resort”un Hüquq şöbəsinin müdiri Fuad İsazadə və Yaşıllaşdırma idarəsinin rəisi Vüsal Gözəlov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan  Ağayeva çıxış edərək konfransın əhəmiyyətini vurğulayıblar.

Konfrans çərçivəsində biomüxtəlifliyin şəhər ekosistemlərinə təsiri, iqlim dəyişikliyi fonunda davamlı şəhər yaşıllıqları, landşaft memarlığında innovativ texnologiyalar, urban yaşıllıqlarının salınmasında vətəndaş cəmiyyətinin rolu, yaşıl məkanların monitorinqi və ictimai məkanların yenidənqurma layihələri kimi aktual mövzular müzakirə olunub.

Konfransın panel müzakirələri zamanı alim və mütəxəssislər şəhər və qəsəbələrin yaşıllaşdırılmasında istifadə olunan bitkilərin perspektivliyi, şəhər bağlarının ekoloji əhəmiyyəti, Qarabağın azad edilmiş ərazilərində ekoloji dizayn yanaşmaları, süni intellekt texnologiyalarının biomüxtəlifliyin qorunmasında tətbiqi, eləcə də dəyişən iqlim şəraitində Abşeron florasının öyrənilməsi və s. mövzularda məruzələrini təqdim ediblər. Tədbir çərçivəsində gənc mütəxəssislərin hazırladığı və landşaft memarlığının gələcək istiqamətlərini əks etdirən xüsusi sərgi nümayiş olunub.

Konfransın sonunda iştirakçılar üçün “Sea Breeze Resort” ərazisinə ekskursiya təşkil olunub.