Arxiv
Botanika İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
01.06.2026

Botanika İnstitutunda “İnsan Hüquqları Aylığı” ilə əlaqədar maarifləndirici seminar keçirilib.

Seminarın məqsədi əmək münasibətlərinin hüquqi əsaslarının, işçi və işəgötürənin hüquq və vəzifələrinin, habelə insan hüquqlarının əmək münasibətlərində tətbiqi məsələlərinin iştirakçılara çatdırılması olmuşdur. Tədbirdə institutun əməkdaşları və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak edib.

 

Seminarı Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva açaraq tədbirin əhəmiyyəti və məqsədləri barədə məlumat verib. O bildirib ki, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Seminar çərçivəsində Botanika İnstitutunun hüquq məsləhətçisi Firuzə Həsənli “İşçi hüquqları və işəgötürənin məsuliyyəti” mövzusunda çıxış edərək əmək münasibətlərinin hüquqi əsasları, işçilərin hüquqları, işəgötürənlərin öhdəlikləri və əmək qanunvericiliyində nəzərdə tutulan hüquqi mexanizmlər barədə ətraflı məlumat verib.

Sonra dəvət olunmuş hüquq məsləhətçisi Bəhlul Abdullazadə “İşçilərin məzuniyyət hüququ və onlara verilən təminatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə əmək qanunvericiliyində məzuniyyət hüququnun tənzimlənməsi, sosial təminatlar, işçilərin istirahət hüququ və bu sahədə tətbiq olunan hüquqi normalar barədə geniş məlumat təqdim olunub.

Tədbirdə hüquq fakültəsinin tələbələri də fəal iştirak edib. Tələbələrin əmək hüququnun aktual problemləri, insan hüquqlarının əmək münasibətlərində təmin edilməsi, rəqəmsallaşmanın hüquqi münasibətlərə təsiri və əmək qanunvericiliyinin tətbiqində rast gəlinən praktik məsələlər üzrə marifləndirici çıxışları dinlənilib. Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, əmək hüquqları sahəsində fikir mübadiləsi aparılıb.