AR ETN Botanika İnstitutunun Herbari fondunun təşkili və rəqəmsallaşdırılması laboratoriyasının əməkdaşları tərəfindən Azərbaycanın qərb və şimal-qərb bölgələrində yerləşən Gəncə, Göygöl, Ağstafa və Zaqatala rayonlarını əhatə edən geniş çöl tədqiqatları həyata keçirilib. Ekspedisiyaların əsas məqsədi yaz florasının tədqiqi, Herbari fondunun zənginləşdirilməsi, nadir və endem bitki növlərinin monitorinqinin aparılması, həmçinin müxtəlif ekosistemlərdə yayılmış bitki müxtəlifliyinin öyrənilməsi olub.
Əvvəlcə Gəncə şəhəri və ətraf ərazilər, o cümlədən Göygöl, Hacıkənd, Toğana, Maralgöl, Eldar Şamı Dövlət Qoruğu, Ağstafa rayonunun Gülür dağı və Tatlı kəndi ərazilərində tədqiqatlar aparılıb. Müxtəlif ekosistemlərdə monitorinqlər aparılıb, nümunələr toplanılıb, növlərin yayılma arealları müəyyənləşdirilib, GPS koordinatları qeydə alınıb.
Növbəti ekspedisiya isə Zaqatala rayonunun müxtəlif təbii landşaftlarını əhatə edib. Tədqiqatlar Zaqatala Dövlət Təbiət Qoruğu, Qəbizdərə, Katex çayı ətrafı, Muxax, Aşağı Tala, Mazıx, Car, Kebeloba, Axaxdərə və Tarixlər kəndləri istiqamətində aparılıb. Regionun zəngin meşə ekosistemləri və dağətəyi ərazilərində flora müxtəlifliyi araşdırılıb, nadir bitki növlərinin monitorinqi həyata keçirilib.
Ekspedisiyalar zamanı Orchidaceae, Iridaceae, Rosaceae, Lamiaceae, Asteraceae, Ranunculaceae, Fabaceae və digər fəsilələrə aid çoxsaylı bitki nümunələri toplanaraq identifikasiya olunub və herbariləşdirilib. Gəncə, Göygöl, Ağstafa rayonu üzrə 13 fəsilə, 34 cins və 68 növə aid 210 herbari nümunəsi, Zaqatala rayonu üzrə isə 23 fəsilə və 65 növə aid 195 herbari nümunəsi toplanıb.