Arxiv
Professor Dilzarə Ağayeva beynəlxalq tədbirlərdə iştirak edib
16.06.2026

AR ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Dilzarə Ağayeva Qırğızıstanın Manas şəhərində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib.

Professor D.Ağayeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi “Qırğızıstanın qoz-meyvə meşələri: Ümumdünya Təbii İrsi, Biomüxtəliflik üçün Qlobal Xəzinə, İqlim və Davamlı İnkişaf” mövzusunda beynəlxalq konfransa, eləcə də Avropa və Mərkəzi Asiya üçün Meşə İnvaziv Növlər Şəbəkəsinin (REUFIS) illik toplantısına qatılıb.

Tədbirin əsas məqsədi Qırğızıstanın qoz-meyvə meşələrinin qorunması, davamlı idarə olunması və inkişafı ilə bağlı məsələlərin müzakirəsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması olub.

Konfrans çərçivəsində professor Dilzarə Ağayeva “Azərbaycanda qərzəkli meyvəlilər: müxtəlifliyi, istifadəsi və xəstəlikləri” mövzusunda məruzə ilə çıxış edib. O, təqdimatında Azərbaycanda yayılan qərzəkli meyvə bitkilərinin müxtəlifliyi, onların təsərrüfat əhəmiyyəti, istifadə istiqamətləri və əsas xəstəlikləri haqqında məlumat verib.

FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin, Qırğızıstan Respublikasının dövlət qurumlarının və bir sıra beynəlxalq təşkilatların birgə əməkdaşlığı ilə təşkil olunan tədbirdə 20-dən çox ölkədən nümayəndələr iştirak ediblər. Tədbir həm əyani, həm də onlayn formatda keçirilib.