Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Dendroxronologiya və bitki mühafizəsi laboratoriyasının əməkdaşları tərəfindən Quba–Şabran botaniki-coğrafi rayonunda elmi ekspedisiya həyata keçirilib.
Ekspedisiyanın əsas məqsədi Böyük Qafqazın şimal-şərq hissəsində yerləşən meşə ekosistemlərində iqlim dəyişikliklərinin, quraqlıq proseslərinin və antropogen təsirlərin ağacların inkişafına təsirinin öyrənilməsi, həmçinin təhlükəli xəstəlik törədicilərinin və parazit bitkilərin yayılma vəziyyətinin qiymətləndirilməsi olub.
Tədqiqatlar zamanı Quba, Qusar və Şabran rayonlarının müxtəlif yüksəklik qurşaqlarında yerləşən meşə sahələrində monitorinqlər aparılıb, gürcü palıdı, vələs və yemişan növlərinin morfoloji və fenoloji göstəriciləri qiymətləndirilib. Aparılan müşahidələr nəticəsində Quba və Qusar rayonlarında meşə örtüyünün daha stabil və sağlam vəziyyətdə olduğu, Şabran rayonunun bəzi ərazilərində isə torpaq quruluğu, tac seyrəkləşməsi və yarpaq yanığı əlamətlərinin müşahidə edildiyi müəyyən olunub.
Fitosanitar tədqiqatlar zamanı meşə ağaclarında rast gəlinən xəstəliklər, zərərvericilər və parazit bitkilər araşdırılıb. İlkin nəticələrə əsasən, unlu şeh, kök çürüməsi, sitosporioz, qara xərçəng, hommoz və yarpaqlarda qara ləkəlik kimi xəstəliklərin, eləcə də qov və kötük göbələklərinin regionun müxtəlif ərazilərində yayıldığı müəyyən edilib.
Monitorinqlər zamanı Quba–Şabran botaniki-coğrafi rayonunun meşə ekosistemlərində geniş yayılmış parazit bitkilərdən biri olan bağamburcun (Viscum album L.) yayılma vəziyyəti də öyrənilib. Müşahidələr göstərib ki, səndəlçiçəklilər (Viscaceae) fəsiləsinə aid olan bu növ vələs, yemişan, qarağac, meşə armudu, fıstıq, palıd və digər enliyarpaqlı ağacların gövdə və budaqları üzərində geniş yayılıb. Ağac və kolların üzərində yarımparazit həyat tərzi keçirən bağamburc xüsusi kökcükləri vasitəsilə sahib bitkidən su və mineral maddələri mənimsəyərək onun normal inkişafına mənfi təsir göstərir.
Əldə olunacaq nəticələr əsasında təhlükəli xəstəliklərə, zərərvericilərə və parazit bitkilərə qarşı ekoloji baxımdan təhlükəsiz sanitar-profilaktiki və mühafizə tədbirlərinin hazırlanması nəzərdə tutulur.