Arxiv
Xızı–Altıağac bölgəsində meşə ekosistemlərinin mövcud vəziyyəti araşdırılıb
24.06.2026

AR ETN Botanika İnstitutunun Meşəşünaslıq laboratoriyasının əməkdaşları Xızı–Altıağac ərazilərində ekspedisiya həyata keçiriblər.

Ekspedisiyanın əsas məqsədi Xızı və Altıağac ərazilərində yerləşən meşə fitosenozlarının quruluş və dinamikasını, iqlim dəyişikliklərinin oduncaqlı bitkilərin inkişafına təsirini, meşə ekosistemlərinin ekoloji vəziyyətini və antropogen amillərin təsir səviyyəsini öyrənmək olub.

Tədqiqatlar zamanı Altıağacın qərb hissəsi və Xızı–Altıağac istiqamətində yerləşən meşə sahələrində monitorinqlər aparılıb. Meşə fitosenozlarının sanitar-gigiyenik vəziyyəti qiymətləndirilib, ağacların yaş göstəriciləri, gövdə diametri, sıxlığı və bonitet sinifləri müəyyən edilib. Eyni zamanda meşə torpaqlarının vəziyyəti, ekoloji göstəricilər və ekosistemlərin davamlılıq səviyyəsi araşdırılıb. Aparılan müşahidələr nəticəsində tədqiqat ərazilərində antropogen təsirlərin meşə ekosistemlərinə ciddi təsir göstərdiyi müəyyən olunub. Əhalinin təsərrüfat fəaliyyəti, mal-qaranın sistemsiz otarılması, meşələrin qırılması, əkin sahələrinin genişləndirilməsi və digər amillərin torpaq örtüyünün dəyişməsinə səbəb olduğu qeydə alınıb.

Tədqiqatlar zamanı bölgənin meşə tipləri və fitosenoz strukturu da öyrənilib. Məlum olub ki, ərazinin təxminən 90 faizini meşə əmələ gətirən enliyarpaqlı ağac növlərinin formalaşdırdığı fitosenozlar təşkil edir. Araşdırmalar nəticəsində meşə ekosistemlərinin üçyaruslu quruluşa malik olduğu, birinci yarusun 20–30 metr hündürlüyündə ağaclardan, ikinci yarusun ağac və kollardan, üçüncü yarusun isə ot bitkilərindən ibarət olduğu müəyyənləşdirilib.

Ekspedisiya dövründə sahədən Herbari Fondunun zənginləşdirilməsi məqsədilə bitki materialları toplanılıb, dominant və subdominant ağac-kol növlərinin tərkibi müəyyənləşdirilib. Toplanmış materiallar üzərindəki təyinat işləri hazırda davam etdirilir.