Qarabağ və Şərqi Zəngəzurda aparılan botaniki ekspedisiyalar mühüm elmi nəticələrlə yadda qalıb. Bəsitçay Dövlət Təbiət Qoruğunda aparılan tədqiqatlar zamanı çaykənarı ərazilərdə və ağacların üzərində altı mamır növü aşkar edilib. Eyni zamanda, bir ağacın üzərində elm üçün yeni olan üç mamır növü müəyyənləşdirilib. Həmin nümunələr molekulyar səviyyədə təsdiqlənməsi üçün xarici laboratoriyalara göndərilib və əldə olunan nəticələr yüksək impakt faktorlu beynəlxalq elmi jurnallarda dərc olunub.
Professor qeyd edib ki, müharibənin torpaqlarda yaratdığı mənfi təsirlərə, o cümlədən ağır metallarla çirklənmə və yanğın izlərinə baxmayaraq, geofit bitkilər öz həyat qabiliyyətini qoruyub saxlayıb. Torpağın 2-3 metr dərinliyində yerləşən soğanaq və kökümsov orqanlar zərər görmədiyindən bu bitkilər yenidən inkişaf etməyə başlayıb.
Səyyarə İbadullayeva bildirib ki, beynəlxalq “Qırmızı Siyahı”ya daxil edilmiş Trifolium bobrovi və T. Voronov növünün yeganə yayılma yeri Şuşa ilə Laçın arasındakı dağlıq ərazilərdir. Xarici ekspertlərlə birgə keçirilən ekspedisiyalar zamanı sözügedən növə aid 3 nümunə aşkar edilərək təyin olunub.
Onun sözlərinə görə, bu kəşf beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və Qarabağın zəngin biomüxtəlifliyini bir daha təsdiqləyib.
https://azertag.az/xeber/seyyare_ibadullayeva_qarabagda_yeni_bitki_novleri_askarlanib-4310183