AR ETN Botanika İnstitutunun Etnobotanika laboratoriyasının əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğu və ətraf ərazilərində elmi ekspedisiya həyata keçirilib.
Ekspedisiyanın məqsədi Zaqatala–Balakən bölgəsinin flora və bitki örtüyünün müasir vəziyyətinin öyrənilməsi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin müəyyənləşdirilməsi, faydalı bitki resurslarının tədqiqi və bölgənin etnobotaniki xüsusiyyətlərinin araşdırılması olub.
Tədqiqatlar Katexçay boyunca, Qəbizdərə, Gərəkli, Kanyon dərəsi, Məzə postu və Car kəndi ətrafında aparılıb. Araşdırmalar zamanı floristik, geobotaniki, sistematik və ekoloji tədqiqat metodlarından istifadə olunub. Ekspedisiya nəticəsində 13 fəsiləyə, 36 cinsə aid 54 bitki növü toplanıb, herbari nümunələri hazırlanıb və laboratoriya şəraitində təyin olunub. Tədqiqatlar zamanı toplanan herbari nümunələri arasında əvvəllər bu bölgədə qeydə alınmayan və ya ədəbiyyatlarda adı çəkilməyən növlər aşkar edilib, həmçinin bəzi bitki növlərinin yeni yayılma məskənləri müəyyən edilib. Salvia sclarea L. növünün Zaqatala bölgəsində yeni yayılma məskəni qeydə alınıb.
Ekspedisiyanın əsas istiqamətlərindən biri də etnobotaniki tədqiqatlar olub. Avar, saxur, ingiloy və ləzgi icmalarının nümayəndələri ilə aparılan 27 sorğu nəticəsində yerli əhalinin ənənəvi olaraq dərman və yabanı qida bitkisi kimi istifadə etdiyi 32 bitki növü qeydə alınıb. Əldə olunan məlumatlar bölgənin etnobotaniki irsinin öyrənilməsi və biomüxtəlifliyin davamlı istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.