Arxiv
Şəbnəm İsayeva Çində keçirilən beynəlxalq təlim proqramını uğurla başa vurub
22.07.2026

AR ETN Botanika İnstitutunun alimi, biologiya üzrə fəlsəfə doktoru Şəbnəm İsayeva Çin Xalq Respublikasının Şanxay şəhərində təşkil olunan "Botanika bağlarının inkişafı və idarə olunması üzrə beynəlxalq təlim proqramı"nı uğurla başa vurub.

Müxtəlif ölkələrdən botanika, ekologiya və biomüxtəlifliyin mühafizəsi sahəsində çalışan mütəxəssislərin iştirak etdiyi iki həftəlik proqramda Şəbnəm İsayeva ölkəmizi uğurla təmsil edib. Proqram çərçivəsində iştirakçılar üçün botanika bağlarının idarə olunması, bitki kolleksiyalarının formalaşdırılması, herbari kolleksiyalarının rəqəmsallaşdırılması, toxum banklarının təşkili, nadir bitkilərin ex situ mühafizəsi, etnobotanika və ekoloji maarifləndirmə mövzularında nəzəri və praktiki məşğələlər təşkil olunub. Təlim iştirakçıları həmçinin Şanxay Botanika Bağı, Şanxay Təbiət Tarixi Muzeyi və digər elmi-tədqiqat müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

Təlim zamanı Şəbnəm İsayeva “Beynəlxalq etnobotanika mübadiləsi” mövzusunda təqdimatla çıxış edərək Azərbaycanın zəngin bitki müxtəlifliyi, dərman və təsərrüfat əhəmiyyətli bitkiləri, onların ənənəvi istifadəsi və biomüxtəlifliyin qorunmasında etnobotanikanın rolu barədə məlumat verib. O, həmçinin Botanika İnstitutunun elmi fəaliyyəti, Herbari fondu və beynəlxalq elmi əməkdaşlıq sahəsində görülən işlər barədə təqdimat edib.

Proqramın yekun mərhələsində Şəbnəm İsayeva Gürcüstan, Malayziya, Pakistan və Tailanddan olan nümayəndələrlə birgə "Canlı kolleksiyalar, herbarilər və biomüxtəlifliyin mühafizəsi" mövzusunda müasir yanaşmaları təqdim edib.

Proqramın sonunda bütün iştirakçılara beynəlxalq sertifikat təqdim olunub.