Arxiv
Botanika İnstitutunun əməkdaşları Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda ekspedisiyada olublar
28.07.2026

AR ETN Botanika İnstitutunun Mərkəzləşdirilmiş Eksperimental Laboratoriyasının əməkdaşları AR Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda elmi ekspedisiyada olublar.

Ekspedisiya müddətində introduksiya olunmuş Kordia gilas sortu və Gizella 12 calaqaltıları üzərində müşahidələr aparılıb, bitki materiallarından nümunələr götürülərək onların fitosanitar vəziyyəti qiymətləndirilib. Tədqiqatın əsas məqsədi Prune dwarf virus (PDV) ilə yoluxmuş bitkilərə alaqanqal (Silybum marianum) bitkisinin toxumlarından alınmış bioloji aktiv maddə – triterpen saponinlərlə təsir göstərmək və virusun yayılmasının qarşısını almaqdan ibarətdir.

Qeyd edək ki, Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu arasında elmi əməkdaşlıq uğurla davam etdirilir. Ötən il birgə aparılmış tədqiqatların nəticələri əsasında iki elmi məqalə hazırlanaraq "Plant & Fungal Research" və "Advances in Biology and Earth Sciences" jurnallarında dərc olunub. Həmin nəşrlər birgə tədqiqatların elmi əhəmiyyətini təsdiqləyib və cari ekspedisiyanın davam etdirilməsi üçün mühüm elmi əsas yaradıb. Hazırda tədqiqatlar davam etdirilir.