Arxiv
Səyyarə İbadullayeva: Azərbaycan-Qırğızıstan elmi əlaqələri biomüxtəlifliyin qorunmasına töhfə verə bilər-AZƏRTAC
01.09.2026

Azərbaycan və Qırğızıstan arasında botanika, biomüxtəlifliyin qorunması və meşə ekosistemlərinin öyrənilməsi istiqamətində elmi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır. Qarşılıqlı elmi görüşlər və təcrübə mübadiləsi iki ölkənin müvafiq elmi-tədqiqat müəssisələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Bu barədə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva məlumat verib.

Professor bildirib ki, Qırğızıstanın Manas şəhərində “Qırğızıstanın qoz-meyvə meşələri: ümumdünya təbii irsi, biomüxtəliflik üçün qlobal xəzinə, iqlim və davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans və Avropa və Mərkəzi Asiya üçün Meşə İnvaziv Növlər Şəbəkəsinin illik toplantısı keçirilib. Tədbirlərdə Botanika İnstitutunun əməkdaşları da iştirak edib. Beynəlxalq tədbirlər çərçivəsində müxtəlif ölkələrin alim və mütəxəssisləri ilə bir sıra elmi görüşlər keçirilib.

Səyyarə İbadullayeva qeyd edib ki, Qırğızıstanın müvafiq elmi-tədqiqat müəssisələri, o cümlədən botanika sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərlə keçirilən görüşlər Azərbaycan və Qırğızıstan arasında elmi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub. Qarşılıqlı elmi əlaqələrin davam etdirilməsi çərçivəsində Botanika İnstitutu ilə Qırğızıstanın müvafiq botanika və elmi-tədqiqat institutları arasında birgə tədqiqatların aparılması, elmi məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, alim və mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, həmçinin birgə elmi layihələrin hazırlanması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

“Azərbaycan və Qırğızıstanın botanika institutları arasında elmi əlaqələrin genişləndirilməsi iki ölkənin zəngin bitki biomüxtəlifliyinin öyrənilməsi və qorunmasına, meşə ekosistemlərinin davamlı idarə olunması sahəsində elmi potensialın artırılmasına mühüm töhfə verə bilər”, – deyə Səyyarə İbadullayeva vurğulayıb. Azərbaycan və Qırğızıstanın botanika, biomüxtəlifliyin qorunması və meşə ekosistemlərinin davamlı idarə olunması istiqamətində fəaliyyət göstərən elmi müəssisələri arasında birgə tədqiqatların, təcrübə mübadiləsinin və elmi layihələrin həyata keçirilməsi üçün geniş əməkdaşlıq perspektivləri mövcuddur.

https://azertag.az/xeber/seyyare_ibadullayeva_azerbaycan_qirgizistan_elmi_elaqeleri_biomuxtelifliyin_qorunmasina_tohfe_vere_biler-4390665?fbclid=IwY2xjawUDVWRwZG9mAWV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR5zYkro3m4xDXjJm0Y7APTmhsPcfTDWpmMfSUHryLm1Pyo3zSZ2BbPaS-XKLQ_aem_89bBCE1_9PU3h33F7_JPKA