Arxiv
Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub
24.09.2026

Erməni işğalı dövründə Qaragöl və Bəsitçay qoruqları talan edilib. İşğala qədər Bəsitçay Dövlət Təbiət Qoruğu Zəngilan rayonunda Bəsitçayın dərəsində, 100 hektarını çinar meşəsi tutan bir ərazi olub. İşğala məruz qalmış botaniki-coğrafi rayonlara hazırda nə qədər bitki növünün daxil olması, onların populyasiya göstəriciləri, arealları barədə məlumatımız yalnız 2020-ci ildən bu yana torpaqlarımızda aparılan 5 illik (2021-2026) ekspedisiyaların nəticələrinə əsaslanır və ekspedisiyalar yalnız minalardan təmizlənmiş sahələrdə həyata keçirilib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva söyləyib.

“Onu da qeyd edim ki, Qarabağda olan dövlət yasaqlıqlarımız – Qubadlı, Arazboyu, Daşaltı və Laçın antropogen faktorlara məruz qalıb. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonunun yüksək dağlıq ərazilərini əhatə edir və ərazidə 100-dən artıq bitki qorunurdu. Yasaqlıqlardan ən yaddaqalanı qırmızı palıdın mühafizə olunduğu Laçının Hacışamlı meşəsidir. Qubadlı və Laçın ərazisində yaradılmış digər yasaqlıq isə qızılı palıdın, qoz ağaclarının, vələs, ağcaqayın, yemişan, ardıc və s. olduğu Qubadlı Dövlət Təbiət Yasaqlığıdır. Şuşa və Xocalı ərazisində vaxtilə Daşaltı Dövlət Təbiət Yasaqlığı, Zəngilan rayonunun İranla sərhədində Arazboyu Dövlət Təbiət Yasaqlığının son durumu barədə heç bir məlumat hələ ki əldə edə bilməmişik. Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində – Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət Təbiət Qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılmışdı. Meşənin uzunluğu 15 kilometr, eni isə 150-200 metrə çatır.

Təəssüf ki, belə bir çinar meşəsi 27 il erməni işğalçılarının əlində qaldı. Əsrlərin yadigarı olan çinar ağacları ermənilər tərəfindən qırılıb və məhv edildi. Həmin ərazidə ağac emalı zavodu yaratdılar. Hazırda ərazinin 5-6 hektarında çinar növlərinə rast gəlinir”.