Monoqrafiyada ali bitkilərin fotosintetik membranlarının piqment-zülal komplekslərinin sintezi və yığılmasının tənzimlənməsinin tədqiqi üzrə böyük təcrübi material və ədəbiyyat məlumatları cəmlənmişdir. Bu prosesdə iki genom sisteminin – nüvə və plastid genomlarının və onların zülalsintezedici sistemlərinin koordinasiyasına xüsusi diqqət yetirilmişdir. Yaşıllaşan cücərtilərdə tilakoid membranında piqment-zülal komplekslərinin yığılması mexanizmləri öyrənilmiş, fotosintetik membranların struktur-funksional komponentləri (piqmentlər, lipidlər və zülallar) , onların formalaşması və inkişafı ətraflı izlənilmişdir. Tilakoidlərin struktur təşkilində və zülal komplekslərinin fəaliyyətində karotinoidlərin rolu işıqlandırılmışdır. Buğda genotiplərinin abiotik stres amillərinin (quraqlıq, şoranlıq, işıq və s. kimi) təsirinə davamlılığının molekulyar-genetik mexanizmləri təhlil edilmişdir. Təqdim olunmuş təcrübi material fotosintetik aparatın biogenezi proseslərini və onun tənzimlənmə mexanizmini dərindən anlamağa imkan verir ki, bu da bitkilərin fotosintez fəaliyyətinə məqsədəuyğun təsir üçün böyük prespektivlər açır. Biokimyaçılar, biofiziklər, molekulyar bioloqlar və bitki fizioloqları üçün nəzərdə tutulur.