Arxiv
"Qardenklub ekoloji sosial maarifləndirmə klubunun qurulması" layihəsi öz işini başa vurub
23.12.2016

     AMEA Mərkəzi Nəbatat Bağında həyata keçirilən "Qardenklub ekoloji sosial maarifləndirmə klubunun qurulması" layihəsinə dekabrın 22-də yekun vurulub. Layihənin son iştirakçıları 189-190 saylı orta məktəblərin VII sinif şagirdləri olub.
     "Danışan oduncaq halqaları", Bitkinin görünməyən memarları", "Azərbaycanlı bitkilər", “Ekoloji təhlükəsizlik”, “Kiçik bağbanlar” kimi mövzular üzrə 3 ay müddətində davam edən layihədə 6 məktəbdən 200-dən çox şagird təlimlərdə iştirak edib. Təlimlər nəzəri və praktiki hissədən ibarət olmaqla MNB və Botanika İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.Təlimlər zamanı məktəblilər Bağın kolleksiyasına daxil olan müxtəlif bitkilərin (Azərbaycan florasına aid endem və nadir  bitkilər, dərman bitkiləri və s.) təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqda geniş məlumat əldə ediblər, fəsilə uyğun olaraq ağac və kol bitkilərində baş verən dəyişiklikləri müşahidə ediblər. Ağacdan nümunə götürülməsi qaydaları, götürülmüş nümunələr üzərində oduncaqdakı halqaların qalınlığına və rənginə görə ağacların yaşının təyini, ətraf mühitdə başverən iqlim dəyişikliyi, çirklənmə və s. nəticəsində yaranan dəyişikliklər izah edilib. Sahədə məktəblilərin iştirakı ilə torpaq əkin üçün hazırlanıb, dekorativ bitkilər əkilib və onlara qulluq qaydaları öyrədilib.
     Məktəblilər Botanika İnstitutunda Bitki ehtiyatları şöbəsində laborator şəraitdə aparılan tədqiqatlar və avadanlıqların iş prinsipi ilə yaxından tanış olublar. Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi haqqda əyani vasitələrdən istifadə etməklə məlumat verilib. Botanika muzeyində nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgidə  Hirkan meşələrinin on klassik relikt ağac növünün yayılma əraziləri haqqında ətraflı öyrəniblər.
     Növbəti həftə ərzində təlimlərdə iştirak edən bütün məktəb və şagirdlər qiymətləndirilərək sertifikatlarla təltif olunacaqlar.
   Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mərkəzi Nəbatat Bağı və Botanika İnstitunun təşkilatçılığı ilə həyata keçirilib. “Qardenklub” layihəsinin əsas məqsədi şagirdlərin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və onların ekoloji maarifləndirilməsinə həsr olunub.