Azərbaycanda son 80 ildə ilk dəfə olaraq, Xəzərin Xərə Zirə adası da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin elmi tədqiqatlarının obyektinə çevrilib.
AMEA-nın Zoologiya və Neft və Qaz institutları tərəfindən başlanılan, AMEA tarixində böyük elmi hadisə sayılan bu tədqiqatlar Çilov, Xərə Zirə, Kür dili, Böyük Tava, Kiçik Tava, Gil adaları daxil olmaqla, Bakı və Abşeron yarımadasının arxipelaq adalarını əhatə edəcək.
Tədqiqatların aparılması üçün birinci elmi ekspedisiya Çilov, ikinci ekspedisiya bu günlərdə Xərə Zirə adasına təşkil olunub.
Tədqiqatlar zamanı Bakı və Abşeron yarımadasının arxipelaq adalarının torpaq əmələ gəlmə prosesi, vulkanizm, fauna və florası öyrənilir.
Neft və Qaz İnstitutu adalarda torpaq əmələ gəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənir. 80 faizi vulkan mənşəli olan adaların fauna və florası demək olar ki, indiyədək heç vaxt öyrənilmədiyindən bu tədqiqatların aparılmasının Azərbaycan elmi üçün olduqca böyük elmi əhəmiyyəti var.
Ekspedisiyalar zamanı ilk dəfə olaraq, dron aparatından istifadə edilib. Dron aparatı vasitəsilə ərazinin monitorinqi aparılıb, şəkilləri çəkilib. 1 həftə ərzində gəzərək əldə oluna bilən məlumatlar dron vasitəsilə 15 dəqiqəyə toplanılıb.
20 nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər daxildir. Ekspedisiya 2 il müddətində aparılacaq.
http://www.zoologiya.az/page/842