Sentyabrın 6-da AMEA Rəyasət Heyətində Fransanın Montpelliye Universitetinin (Université de Montpellier) beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn və Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə müşaviri Yohan Şitterer ilə görüş keçirildi.
Öncə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək Azərbaycanla Fransa arasında uzun illik tarixi olan əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd etdi. AMEA rəhbəri bu əlaqələrin davamı olaraq iki ölkə arasında elmi əməkdaşlığın təşkilinin, müvafiq sahələrdə kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğuladı.
A.Əlizadə son zamanlar rəhbərlik etdiyi qurumda gənclərin elmə cəlb edilməsi, onların beynəlxalq aləmə inteqrasiyası, o cümlədən bilik və bacarıqlarının artırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, bu baxımdan Avropanın qabaqcıl ali məktəblərindən olan Montpelliye Universitetinin təcrübəsinin öyrənilməsi, iki qurum arasında müxtəlif elmi layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonra çıxış edən Fransanın Montpelliye Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti F.Henn AMEA ilə əməkdaşlığın təşkilində maraqlı olduqlarını bildirdi. AMEA-nın doktorant və dissertantlarını təmsil etdiyi ali məktəbin təqaüd proqramlarında iştirak etməyə, universitetin çoxillik təcrübəsindən yararlanmağa dəvət etdi.
F.Henn əməkdaşlıq əlaqələrinin təşkili və həyata keçirilməsinə dair Sazişin bir neçə dəfə müzakirə olunduğunu, sənəddə hər iki ölkə alimlərinin daha səmərəli fəaliyyəti üçün vacib məsələlərin yer aldığını dedi. Qonaq AMEA prezidentini əməkdaşlıq müqaviləsinin imzalanması və təmsil etdiyi universitetlə tanış olmaq məqsədilə Fransaya dəvət etdi.
Daha sonra Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə müşaviri Y.Şitterer çıxış edərək iki ölkə arasında elmi əlaqələrin qurulması və inkişafında lazımi koməkliyi göstərməyə hazır olduğunu bildirdi.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev də iştirak edirdilər.
science.gov.az