Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.
Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisə və təşkilatların rəhbərləri və Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasından nümayəndələr iştirak ediblər.
Tədbiri açan akademik Əhliman Əmiraslanov iştirakçıları salamlayaraq gündəlikdə əksini tapan məsələlər barədə məlumat verib. Akademik Əhliman Əmiraslanov uzun illər xaricdə onkologiya sahəsində fundamental tədqiqatlar aparan, bir sıra aparıcı elmi jurnallarda məqalələrlə çıxış edən, ABŞ-ın Nebraska Universiteti nəzdindəki Tibb Mərkəzinin laboratoriya müdiri, professor Tahir Tahirovu tədbir iştirakçılarına təqdim edib. Sonra professor Tahir Tahirov “İnsan genomunun transkripsiyası və replikasiyası” mövzusunda təqdimatla çıxış edib. Alim öz məruzəsində mövzunun elmə məlum olmayan tərəfləri ilə bağlı ilk dəfə tədqiqat aparıldığını diqqətə çatdırıb. Məruzə dinlənildikdən sonra alim və mütəxəssislər tərəfindən səsləndirilən suallar cavablandırılıb. İclasda məruzəçinin bəzi institutlarla birgə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədilə müzakirələr aparılması qərara alınıb.
Tədbirdə, həmçinin AMEA Zoologiya İnstitutunun İnformasiya və innovasiya şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsinə birləşdirilməsi, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi, AMEA-nın Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru, professor Zəkəriyyə Məmmədovun 80 illik yubileyinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Büro iclasında bir sıra kadr məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.