Arxiv
Zaqatalada ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı məsələlərinə həsr olunan tədbir keçirilib
29.09.2017

     Sentyabrın 27-də “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketi və aqro-ekoloji modelin işlənib hazırlanması” layihəsi çərçivəsində Zaqatala rayonunda “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı” mövzusunda seminar keçirilib.
      Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu, AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti qurumların nümayəndələri, baramaçılıq sahəsində çalışan mütəxəssislər, barama istehsalçıları iştirak ediblər.
     Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə rayonda baramaçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına əsasən, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində zəruri tədbirlər həyata keçirilir.
    İ.Şəfizadə rayonun kənd təsərrüfatı üçün ənənəvi sahə olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində 2016-cı ildə Zaqatalada 6 ton, cari ildə isə 21,4 ton yaş baramanın istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verildiyini diqqətə çatdırıb.
    Sonra Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlünün “Ekoloji təmiz ipək istehsalında innovasiyaların tətbiqi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, ekoloji təmiz kənd təsərrüfatı istehsal üsulunun əsas məqsədi təbii ehtiyatların qorunması, insanların, həmçinin heyvanat aləminin sağlamlığına xidmət etməkdir.
    Daha sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov torpaq xassələrinin dəyişməsinin bitkilərin inkişafına və məhsuldarlığına təsiri məsələlərinə toxunub.
     Seminarda, həmçinin AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Ayaz Məmmədovun “Tut ipəkqurdunun molekulyar genetik metodlarla öyrənilməsi” mövzusunda və Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Xalis Mahalovun baramaçılığın inkişaf perspektivlərinə dair məruzələri dinlənilib.