AMEA Botanika İnstitutun mütəxəssisləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarına maarifləndirici və ixtisasartırma məqsədi ilə “Bitkilərin ekologiyası” adlı təlim keçiblər. Botanika İnstitutu tərəfindən təşkil olunan təlimdə 34 nəfər dərnək rəhbəri iştirak edib.
İnstitutun Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani müəllimlərə Herbari Fondunda saxlanılan dəyərli tip nümunələri, onların saxlanılma şəraiti və rəqəmsallaşdırılaraq Avropa məlumat bazasına daxil edilməsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Herbari kolleksiyası qurudulmuş bitkilərin emalı və sənədləşdirilməsi, qeyri-məhdud uzun müddət saxlanılması baxımından elmə böyük xidmətlər göstərir. Botaniklər bitkilərin ekoloji, coğrafi və fərdi dəyişkənliyinin tədqiqatı üçün Herbari Fondundan istifadə edirlər. Həmçinin, herbari bu və ya digər regionun bitki aləminin tərkibini və növlərin yayılmasını sənədlərlə əsaslandıraraq bitki aləminin dəyişikliyi haqqında məlumatları vaxtında verir.
İnstitutun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri b.e.d. Naibə Mehdiyeva müəllimlərə Azərbaycanın nadir, endem və itmə təhlükəsində olan bitkiləri və Azərbaycanın Qırmızı Kitabının I və II nəşrləri haqqında məlumat verib. Bildirib ki, 1989-cu ildə işıq üzü görən I nəşrdə 140 növ ancaq ali bitkilər daxil edilmiş, II nəşrdə isə daxil edilən 300 növdən 266-sı ali bitkilərə, 20-si ibtidai bitkilərə (6 yosun, 13 şibyə, 1 mamır), 14-ü göbələk növlərinə aiddir.
Seminarda laboratoriyanın elmi işçisi Nigar Mürsəl qızı Qırmızı Kitabdan istifadə qaydalarını və struktutunu izah edərək, kitaba daxil olunmuş bitkilərin IUCN-ə (Təbiət Mühafizəsinin Beynəlxalq Birliyi) əsasən hansı kateqoriyaya, milli və regional statusa aid olması, yayılması, qısa təsviri, bioloji, ekoloji, fitosenoloji və faydalı xüsusiyyətləri, sayı, tendensiyası, məhdudlaşdırıcı amillər və mühafizə tədbirləri haqqında məlumat verib.
Doktorant Xanım Həsənova müəllimləri botanika elminin təbliği məqsədilə yaradılan Botanika Muzeyi ilə tanış edib. Qeyd edib ki, Muzeydə Hirkan meşələrinin on klassik relikt ağac növü haqqında məlumatı əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və Azərbaycanın landşaftı, florası, faunası haqqında məlumatları əks etdirən interaktiv xəritə nümayiş olunur.