Arxiv
Botanika İnstitutu Yaponiya-Azərbaycan dostluq əlaqələrinin genişləndirilməsində iştirak edir
10.07.2018

     Yaponiyanın tanınmış "KOSUGİ-Zohen" şirkəti tərəfindən Xətai rayonun ərazisində Heydər Əliyev parkında Mamır bağı salınacaq. Bağın salınması üzrə planlaşdırılan işlərin müzakirəsi məqsədi ilə AMEA Botanika İnstitutunun əməkdaşları,  Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri b.ü.f.d.  Şəkər Muxtarova və laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d. Aygün Məmmədova, Şirkətin nümayəndələri və rayon İcra Hakimiyyətinin məsul işçiləri birgə əraziyə baxış keçiriblər. Botanika İnstitutunun mütəxəssisləri bildirib ki, Yaponiyadan gətirilməsi nəzərdə tutulan mamır növlərinin  bir qismi zəngin floraya malik olan Azərbaycanda  da möcuddur. Ərazidə lazımi iqlim mühiti və şəraiti yaradıldıqdan sonra mamırın yetişdirilməsi və yayılması mümkündür. Qarşılıqlı müzakirələrdən sonra qərara alınıb ki, əkilmək üçün mamır növləri seçilsin və test edilsin.

     "KOSUGİ-Zohen" şirkətinin nümayəndələri, AMEA Botanika İnstitutunda da olublar. İnstitutun direktoru, akademik Validə Əlizadə Xətai rayon İcra Hakimiyyəti və  "KOSUGİ-Zohen" şirkətinin  birgə layihəsini alqışlayaraq bildirib ki, rəhbərlik etdiyi institutun əməkdaşları bu nəcib işə mümkün köməkliyi göstərəcək. Sonra qonaqlar institutun herbarisində saxlanılan bir sıra mamır növləri və digər bitkilərlə tanış olublar.

     Yekun müzakirələr Xətai rayon İcra Hakimiyyətində aparılıb. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova iki gün ərzində görülən işlər barəsində məlumat verilib. Sonda Rayon İcra Hakimiyyətinin başçısı bu işdə əməkdaşlıq edəcək hər kəsə öz təşəkkürünü bildirərək qeyd edib ki,  həyata keçirilən bu layihə Yaponiya – Azərbaycan dostluq əlaqələrinə yeni töhfələrdən biri olacaq.