Arxiv
AMEA-da elmi tədqiqata xidmət göstərən dronlar
24.07.2018

     Bioloji müxtəliflik və ekosistem xidmətləri üzrə beynəlxalq multidisiplinar proqram çərçivəsində Botanika İnstitutu və AMEA Yüksək Texnologiyalar Parkının (YTP) əməkdaşlarının iştirakı ilə Böyük Qafqaza (Azərbaycanın şimal-şərq hissəsi) kəşfiyyat xarakterli ilk ekspedisiya təşkil edilmişdir. YTP-da istehsal edilmiş drondan istifadə etməklə video və şəkillər çəkilmiş, ərazilərin skrininqi həyata keçirilmiş, ekosistem səviyyəsində əsas proseslərin dinamikası və dəyişikliyinin tədqiqi üçün pilot sahələr müəyyən edilmişdir.

     Bu proseslərin bitki məhsuldarlığı, torpaq münbitliyi, atmosfer kimyası, patogenlərin yayılması və nəticə etibarı ilə, insan rifahına təsir göstərən bir çox digər yerli və qlobal ətraf mühitə təsirinin aşkar edilməsi nəzərdə tutulur. Təşkilatın müxtəlif səviyyələrində populyasiya parametrləri və birliklərin strukturu daxil olmaqla davamlılığın hemostatik mexanizmləri müəyyənləşdiriləcəkdir. Bioloji müxtəlifliyin vəziyyətini qiymətləndirmək üçün bərpa prosesləri və davamlı inkişaf üçün şərait yaratmağa kömək edəcək göstəriciləri və hərəkətverici qüvvələri (drayverləri) müəyyənləşdirmək nəzərdə tutulur.