Arxiv
Almaniyalı tələbələrin iştirakı ilə Azərbaycanda ilk ekosistem tədqiqatları həyata keçirilib
01.08.2018

     AMEA Botanika İnstitutu  ilə Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik Departamenti (Almaniya) arasında imzalanmış Memorandum çərçivəsində Frankfurt Universitetinin Ekologiya, Təkamül və Müxtəliflik  Departamentinin 11 nəfərdən ibarət professor-tələbə heyəti Azərbaycanda səfərdə olmuşlar. Professor  Wolfgang Brüggemann və Dr. Vera Hollandın rəhbərliyi ilə gələn tələbələrdən 2-si doktorant və 6-sı magistrdır. Səfərin məqsədi “Biomüxtəliflik və İqlim dəyişiklikləri” adlı beynəlxalq laboratoriyanın fəaliyyət planına əsasən  Botanika İnstitutunun gənc mütəxəssisləri ilə birgə Qobustan, Ağsu, Ağdaş, Gəncə, Tovuz, Qəbələ, Ağstafa, Quba və Qusar rayonlarının müxtəlif ekosostemlərində monitorinqlərin aparılması və müasir metodların tədbiqi ilə iqlim amillərinin təbii komplekslərə təsirini tədqiq etmək olmuşdur.

     Ekspedisiya müddətində hər iki ölkənin tələbələri adı çəkilən rayonlarda müxtəlif  bitkilik tiplərində (dağətəyi və aşağı dağ qurşağı quru bozqırlarda, düzən və dağətəyi yarımsəhralarda, yüksək dağlıq və subalp çəmənliklərdə) tədqiqatlar aparmış, həmin ərazilərdə yayılan bitkilərin duzluluğa, quraqlığa və günəş radiasiyasına qarşı reaksiyasını öyrənmişlər. Qeyd edək ki, ekspedisiya zamanı istifadə olunan nəqliyyat vasitəsi AMEA İşlər idarəsi tərəfindən təşkil edilmişdir.

     Aparılan monitorinqlərin nəticələri Botanika İnstitutunda təşkil olunmuş “Azərbaycanda Biomüxtəlifliyin qorunmasının inkişaf metodları” adlı Beynəlxalq Simpoziumda təqdim olunmuşdur. Məruzələr ətrafında yerli və xarici mütəxəssislər qarşılıqlı elmi müzakirələr aparmış və mübahisəli məsələlərə aydınlıq gətirmişlər. Sonda Simpoziumda iştirak edən xarici və yerli tələbələrə sertifikat təqdim olunmuşdur.