Arxiv
Gənc Alim və Mütəxəssislər Şurası ilə AMEA-nın professorlarının koordinasiya şurası əməkdaşlıq edəcək
29.01.2019

 

     Riyaziyyat və Mexanika İnstitutunda akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) idarə heyətinin və AMEA-nın professorlarının koordinasiya şurasının üzvlərinin iştirakı ilə görüş keçirilib.

     Görüşün keçirilməsində məqsəd cari ildə nəzərdə tutulan fəaliyyət planında müştərəkliyin təmin edilməsi, o cümlədən akademiyada və respublikanın ali təhsil müəssisələrində çalışan əməkdaşların, həmçinin gənclərin fəaliyyətində məhsuldarlığın artırılması olub.

     İclası koordinasiya şurasının sədri, AMEA-nın professoru Rövşən Bəndəliyevaçaraq təmsil etdiyi təşkilatın 2019-cu ildə nəzərdə tutulan fəaliyyət planı, həmçinin GAMŞ-la birgə planlaşdırılan layihələri haqqında məlumat verib.

     AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov da öz növbəsində rəhbərlik etdiyi təşkilatın cari ildəki fəaliyyət planından danışıb. O, fevral ayında keçiriləcək “Gənc bioloqların qış məktəbi - 2019”, ümumrespublika müəssisələrində ilboyu təşkil olunacaq elmi seminarlar və digər nəzərdə tutulan layihələrə koordinasiya şurasının cəlb edilməsinin fayda verəcəyini söyləyib.

     İclasda birgə fəəliyyətlə əlaqədar bir neçə mühüm qərar qəbul olunub. Belə ki, gənc alim və professorların ümumrespublika elmi seminarlarının təşkili, Azərbaycanda yerinə yetirilən elmi tədqiqat nəticələrinin aprobasiyasında şəffaflığın təmin edilməsi və keyfiyyəti artırmaq məqsədilə müvafiq işlərin həyata keçirilməsi, həmçinin “Gənc tədqiqatçı” jurnalının redaksiya heyətinə gənc professorların cəlb olunması qərarlaşdırılıb. 

http://science.gov.az