Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdləri bilogiya müəllimi Nataliya Qurbanovanın rəhbərliyi ilə AMEA Botanika İnstitutunda açıq dərs təşkil edilmişdir. Biologiya fənninə marağın artırılması məqsədilə keçirilən açıq dərsdə İnstitutun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarova məktəblilərə bitkilərin növ müxtəlifliyi, Azərbaycanın Qırmızı kitabı və endem bitkiləri mövzuları üzrə məruzə edib. Azərbaycan florasına aid endem və nadir bitkilər, dərman bitkiləri və s. bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri haqda da geniş məlumat əldə ediblər. Dərs şagirdlərin botanika fənni üzrə qazandıqları biliklərin ümumiləşdirilməsi və dərindən mənimsənilməsi üçün əhəmiyyətli olub.
Şagirdlərə Azərbaycanın zəngin bitki müxtəlifliyi, onların qorunmasında və tədqiqində İnstitutun Herbari Fondunun rolu haqqında b.ü.f.d. Pərvanə Qaraxni tərəfindən geniş məlumat verilib, burada saxlanılan bəzi tarixi nüsxələr göstərilib. Həmçinin, mikologiya və algologiya üzrə yenilənmiş herbari kolleksiyası, Botanika Muzeyində nümayiş olunan Hirkan meşələrinin bəzi relikt ağac növlərini əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə də məktəblilərdə böyük maraq yaradıb.