AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva və elmi işçisi, b.ü.f.d. Nuri Mövsümovanın həmmüəllifliyi ilə “Ekofiziologiya, Abiotik Stressə davamlılıq və Halofitlərin İstifadəsi” adlı kitabda “Naxçıvan MR-in Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi: Azərbaycan” adlı fəsil çap edilib. Nəşriyyatın redaktorları Mirzə Həsənizzaman, Kamrun Nahar və Munir Öztürkdür.
Əsərdə qeyd edilir ki, regionda əsasən halofit bitkilər yayılmışdır və onlar iki şöbə (Gnetokimilər - Gnetophyta və Maqnoliyaçiçəklilər - Magnoliophyta), üç sinifdə (Acılıqkimilər - Ephedropsida, Maqnoliyaçiçəklilər - Magnoliopsida və Zambaqkimilər - Liliopsida) cəmlənmişdir. Regionun florası tam təhlil edilərək müəyyən olunmuşdur ki, maqnoliyaçiçəklilər sırası Azərbaycanın hər yerində olduğu kimi üstünlük təşkil edir. Məhz Duzdağ ərazisinin 233 növü bu sıraya aiddir və əsasən də Aralıq dənizinin və Ön Asiyanın kserofil elementləri sayəsində formalaşmışdır. Bunlardan nаdir və məhvоlmа təhlükəsi olan 28 növ müəyyən olunmuşdur. Halofit bitkilərdən duzadavamlı sortların alınmasında marker kimi istifadə edilməsi tövsiyyə edilmiş, bəzi növlərin fitosenoloji və ekobioloji xüsusiyyətləri, o cümlədən istifadə imkanları barədə ətraflı məlumat verilmişdir.