AMEA Rəyasət Heyətinin qərarına əsasən bu elmi qurumun əməkdaşları Xərə Zirə adasında ekspedisiyada olublar.
Ekspedisiya adanın relyefinin, geoloji quruluşunun, vulkanizminin, torpaq örtüyünün, landşaftının, iqlim xüsusiyyətlərinin, flora və faunasının öyrənilməsinə, ekoturizm potensialının qiymətləndirilməsinə həsr edilib.
Ekspedisiya zamanı adanın təbiəti (torpaq örtüyü, bitki arealları, fauna müxtəlifliyi, iqlim xüsusiyyətləri, vulkan brekçiyaları) haqqında xeyli qiymətli materiallar toplanıb. AMEA-nın Yüksək Texnologiyalar Parkının istehsal etdiyi xüsusi çoxfunksiyalı dron vasitəsilə adanın 15 minə yaxın yüksəkkeyfiyyətli fotosu çəkilib. Bu tədqiqatların əksəriyyəti ilk dəfə olaraq toplanıb. Xərə Zirə adasının təbiəti haqqında toplanmış materialların və alınmış nəticələrin monoqrafiya şəklində çap edilməsi nəzərdə tutulur.
AMEA-nın tanınmış mütəxəssisləri ekspedisiya çərçivəsində gənc alimlərə və magistrantlara ustad dərsləri keçib, onlara sahə tədqiqatlarının aparılmasının xüsusiyyətlərini öyrədiblər.
Bakı və Abşeron arxipelaqı adalarının kompleks tədqiqinə həsr edilmiş elmi ekspedisiyada AMEA-nın Zoologiya, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Geologiya və Geofizika, Neft-Qaz institutlarının alimləri və gənc mütəxəssisləri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri də iştirak ediblər.