Arxiv
Bir gündə 650 min ağacın əkilməsi mühüm sosial və ictimai əhəmiyyətə malikdir
28.11.2019

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü mühüm sosial və ictimai əhəmiyyətə malikdir. Ekoloji şəraitin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyət kəsb edən bu tədbirdə iştirak etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Botanika İnstitutunun direktor müavini Eldar Novruzov söyləyib. O deyib: “Hər bir insan bilməlidir ki, əkdiyi bir ağacla ölkəmizin, qlobal miqyasda gündən-günə təbii və antropogen təsirlər nəticəsində tarazlığı pozulan ekoloji şəraitin yaxşılaşmasına kömək edir. Hər il quruda olan bitkilər atmosferə 155 milyard ton oksigen verir. Maraqlıdır ki, onun 130 milyard tonu canlıların tənəffüsünə deyil, ölmüş orqanizmlərin parçalanmasına sərf olunur. Meşələr tərəfindən istehsal olunan oksigenin 80 faizi bitki qalıqlarının parçalanması, torpağın münbitləşməsi və bitkilərin qidalanması üçün zəruri olan humusun əmələ gəlməsinə sərf edilir. Bitkilər insanların qida, dərman, yanacaq, toxuculuq və digər materiallarla təminatında bərpa olunan sərvətdir. Həyatımızda, inkişafımızda, iqtisadiyyatımızda mühüm rol oynayan bitkilərin həyat fəaliyyətinin nəticəsi olan daş kömür, neft, qaz, torf və s. insanların yaşayışını təmin edən enerji mənbəyidir. Bitkilər təbiətdə nəinki karbon qazının, oksigenin miqdarının nizamlanmasında, həmçinin torpaqəmələgəlməsində, Yer kürəsində suyun toplanmasında, iqlimin formalaşmasında və saxlanmasında (küləyin sürətinin zəifləməsində, hava və torpağın istiliyinin aşağı salınmasında və s.), quru havada tozların toplanmasında və digər proseslərdə mühüm rol oynayır. Məsələn, 1 hektar meşə 1 gündə 220-280 kiloqram karbon qazı udur və atmosferə 180-200 kiloqram oksigen buraxır. Meşədə rütubəti 15-30 faiz artırır, torpaqdan 2,5-7,0 faiz azotun, 2-6 faiz fosforun, 3-5 faiz kaliumun yuyulmasının qarşısını alır. Bir hektar meşə zolağı 25–30 hektar torpağı qoruyur və məhsuldarlığı 3–5 sentner artırır”.

Eldar Novruzov diqqətə çatdırıb ki, yaşıllıqlar salınanda iqlim, torpaq və yerdən asılı olaraq ağac növlərinin seçilməsi olduqca vacib məsələdir. Əgər əsas məqsəd küləyin və tozun qarşısını almaqdırsa, bu zaman enliyarpaq ağac növləri məqsədəuyğundur. Belə ki, 1 hektar şam meşəsi 30–40 ton tozu saxlaya bilirsə, həmin sahədəki enliyarpaq palıd, qayınağacları 70 ton tozu tutur. Havanın oksigenlə təminatında da enliyarpaq ağaclar üstünlük təşkil edir. Belə ki, 1 ildə palıd meşəsi 18 ton CO₂ udursa və 13,9 ton O₂ istehsal edirsə, şam meşəsi 14,4 ton CO₂ mənimsəyir və 10,9 ton O₂ istehsal edir.

“Belə bir tədbir hər il digər ölkələr tərəfindən də keçirilərsə, planetimizin yaşıl örtüyünün sahəsi genişləndirilərsə, təbiətdə antropogen təsirlərin miqdarını, xüsusən atmosferdə karbon qazının miqdarını tənzimləyən tədbirlər görülərsə, 2030-2050-ci illərdə baş verə biləcək ekoloji fəlakətin təsirini azaltmaq mümkün olar. Yeri gəlmişkən, bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Bu təşəbbüsə qoşulan hər bir vətəndaş, hər bir təşkilat əkilmiş ağacların yeni şəraitə tam adaptasiya olunmasına kimi onlara qulluq edərsə, daha yaxşı olar. Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü nəinki ölkəmizdə, həmçinin bütün dünyada indiyə kimi həyata keçirilməmiş, tarixdə və yaddaşlarda qalacaq tədbirdir”, - deyə Eldar Novruzov qeyd edib.